Qafqaz Universitetinə xoş gəlmişsiniz!
Türkiyə və qabaqcıl Qərb ölkələri universitetlərinin müasir təhsil proqramlarını, tədris vəsaitlərini uğurla tətbiq edən Qafqaz Universiteti elmi-pedaqoji ictimaiyyətlə yanaşı, Azərbaycan xalqının və dövlətinin də etimadını qazanmışdır. Ciddi təhsil sistemi ilə fərqlənən universitetə müxtəlif ölkələrdən müəllim və tələbələrin gəlməsi onun beynəlxalq səciyyə daşımasının bariz dəlilidir.
Dünyanın nüfuzlu universitetləri arasında yerini tutmaq Qafqaz Universitetinin başlıca məqsədidir. Fəaliyyət göstərdiyi müddət ərzində daim qabaqcıl təhsil texnologiyalarını tətbiq edən universitet bir çox vacib yenilikləri həyata keçirmişdir. 1993-cü ildən etibarən tətbiq edilən kreditli tədris sistemi, tədris proqramından geri qalan tələbələrin növbəti ildə digər tələbələrlə paralel oxuya və ya təhsil müddətini daha tez başa vura bilmələri üçün yay təhsil proqramları, “TSE-EN-ISO 9001:2008” keyfiyyəti idarəetmə sisteminin tətbiqi bu yeniliklərin sadəcə bir qismidir.
Tələbələr seçdikləri ixtisası ən mükəmməl şəkildə qavramaqla yanaşı, kompyuter texnologiyasını və iki xarici dili (türk və ingilis dilləri) də öyrənirlər. Universitetin müasir dünyanın tələblərinə uyğun şəkildə Vətən, millət sevgisi, ümumbəşəri və milli dəyərlərə hörmət ruhunda yetişdirdiyi kadrların ölkə daxilində və xaricində Azərbaycanı uğurla təmsil etmələri isə ən böyük nailiyyət olaraq qəbul etmək olar.
Rektor
Prof. Dr. Ahmet SANİÇ